Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanı ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanunu təsdiq edilmişdir. Qanunun 78.1-ci maddəsinə uyğun olaraq həmin Qanun “Azərbaycan” qəzetinin 18 sentyabr 2011-ci il tarixli nömrəsində dərc olunmuşdur.
Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.
Qanunun və Fərmanın mətni ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu (http://president.az/articles/3120)
Moskva şəhərində Rusiya Federasiyasının Sosial Sığorta Fondunun və Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə “Keçmiş sovet məkanında sosial sığorta. Bu gün və sabah” mövzusunda beynəlxalq konfrans keçirilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, konfransın işində Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının, Ukraynanın, Moldova Respublikasının, Estoniya Respublikasının, Ermənistan Respublikasının sosial sığorta və pensiya qurumlarının rəhbərləri və əməkdaşları ilə yanaşı DSMF sədrinin müavini Zakir Babayev və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Potensialının Gücləndirilməsi” layihəsinin direktoru Oqtay İbrahimov iştirak ediblər.
MDB ölkələri sosial sığorta və pensiya qurumları rəhbərlərinin sosial sığortanın, o cümlədən pensiya sığortasının müasir vəziyyəti və inkişaf perspektivləri barədə maraq doğuran məruzələri dinlənilib. Estoniya Respublikasının Sosial Sığorta Departamentinin baş direktorunun müavini xanım Liyvi Evartsonun “Elektron Hökümət”in yaradılmasında ölkəsinin təcrübəsi barədə təqdimatı çox faydalı olub. Zakir Babayev “Yeni iqtisadi münasibətlər şəraitində sosial sığortanın təşkili” adlı məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə sosial sığortanın təşkili problemləri, məcburi dövlət sosial sığortası sahəsində əldə edilən nailiyyətlər və sığorta-pensiya sisteminin islahatları barədə məlumat verilib.